13 Haziran 2016 Pazartesi

ÖN SÖZ

ÖN SÖZ

Özünün və bütün digər canlıların necə mövcud olduğu sualını araşdıran insan iki fərqli açıqlama ilə qarşılaşır. Birincisi, insan da daxil olmaqla bütün canlıları sonsuz ağıl və güc sahibi Allah yaratmışdır. İkinci açıqlama isə canlıların təbii proseslərin və təsadüfi təsirlərin məhsulu olduğunu iddia edən “təkamül” nəzəriyyəsidir.
Təkamül nəzəriyyəsi təqribən 150 ildir ki, elm dünyasında geniş surətdə qəbul edilmişdir. Biologiya elmi təkamül anlayışları ilə tərif edilir. Bu səbəbdən də çox insan yaradılış və təkamül açıqlamalarından təkamülü elmi hesab edir. Təkamülü müşahidələr nəticəsində edilən kəşflərlə dəstəklənən nəzəriyyə, yaradılışı isə sadəcə qəbul edilmiş inanc zənn edir. Lakin əksinə, elmi tapıntılar təkamül nəzəriyyəsinin lehinə deyil. Xüsusilə son 10-20 il ərzində əldə edilən tapıntılar təkamül nəzəriyyəsinin əsas fərziyyələri ilə açıq şəkildə ziddiyyət təşkil edir. Paleontologiya, biokimya, populyasiya genetikası, molekulyar biologiya, müqayisəli anatomiya, biofizika kimi bir çox elm sahəsi canlıların təkamül nəzəriyyəsinin iddia etdiyi kimi təbii proseslər və təsadüfi amillərlə izah edilə bilmədiyini, bütün canlıların qüsursuz şəkildə yaradıldığını göstərir.
Bu kitabda təkamül nəzəriyyəsinin üzləşdiyi elmi böhranı araşdıracağıq. Kitab tamamilə elmi kəşflərə əsaslanaraq hazırlanmışdır. Təkamül nəzəriyyəsini elm adından müdafiə edənlər mütləq bu kəşflərlə üzləşməli və indiyə qədər sahib olduqları bəzi ön mühakimələri sorğu-sual etməlidirlər. Əgər bundan qaçırlarsa, təkamül nəzəriyyəsinə olan bağlılıqlarının elmi deyil, tamamilə doqmatik olduğunu qəbul etmiş olacaqlar.

QISA TARİX

QISA TARİX

Lamarck
Jan-Batist Lamark
Təkamül nəzəriyyəsi fəlsəfi mənşəyi qədim Yunanıstana qədər gedib çatmasına baxmayaraq, elm dünyasının gündəliyinə XIX əsrdə daxil olmuşdur. Əvvəlcə, fransız bioloq Jan Batist Lamark “Zooloji fəlsəfə” (Zoological philosophy) adlı kitabında canlı növlərinin bir-birlərindən təkamüllə əmələ gəldiyi fərziyyəsini ortaya atdı. Lamark canlıların həyatı boyu qazandıqları dəyişiklikləri sonrakı nəsillərə ötürdüklərini irəli sürmüşdü. Məşhur zürafələr misalında bu canlıların əvvəllər daha qısaboylu olduğunu, ancaq hündür ağaclara çatmağa çalışarkən nəsildən-nəsilə boyunlarının uzandığını iddia etmişdi.
Lamarkın  “qazanılmış xüsusiyyətlərin ötürülməsi” kimi tanınan bu təkamül modeli irsiyyət qanunlarının kəşf edilməsilə birlikdə əsasını itirdi. XX əsrin ortalarında DNT-nin quruluşunun kəşfi ilə canlıların hüceyrələrinin nüvəsində kodlanmış xüsusi genetik məlumata malik olduqları və bu genetik məlumatın “qazanılmış xüsusiyyətlər” tərəfindən dəyişdirilə bilmədiyi üzə çıxdı. Yəni bir canlı ağaclara çatmaq üçün həyatı boyu çalışıb boynunu bir neçə santimetr uzatsa belə, dünyaya gətirdiyi balalar yenə də o növə aid standard boyun ölçülərinə malik olar. Qısa desək, Lamarkın təkamül nəzəriyyəsi elmi kəşflərlə təkzib edildi və səhv fərziyyə kimi tarixə düşdü.
Ancaq Lamarkdan bir neçə nəsil sonra yaşamış digər təbiətşünasın təkamül nəzəriyyəsi daha uzunömürlü oldu. Sözügedən təbiətşünas Çarlz Robert Darvin, nəzəriyyəsinin adı isə “darvinizm”dir.

Darvinizmin meydana gəlməsi

Çarlz Darvin 1832-ci ildə İngiltərədən yola düşən və beş il ərzində dünyanın müxtəlif bölgələrinə səyahət edən H.M.S. Biql adlı rəsmi kəşf gəmisində könüllü kimi iştirak etmişdir.  Gənc Darvin bu səyahət ərzində gördüyü müxtəlif canlı növlərindən, xüsusilə də Qalapaqos adalarında gördüyü müxtəlif alacəhrə növlərindən çox təsirlənir. Bu quşların dimdiklərindəki fərqlərin müxtəlif mühitlərə uyğunlaşmalarından irəli gəldiyini düşünür.
Darvin bu səyahətinin ardınca İngiltərədəki heyvan bazarlarını gəzməyə başladı. Maldarlıqla məşğul olanların müxtəlif inək cinslərini cütləşdirərək yeni cinslər əldə etdiklərinə şahid oldu. Qalapaqos adalarında gördüyü fərqli alacəhrə növlərini də bu müşahidələrinə əlavə etməklə beynində bir nəzəriyyə formalaşdırmağa başladı. Nəticədə bu fikirlərini 1859-cu ildə nəşr edilən “Növlərin mənşəyi” adlı kitabında açıqladı. Bu kitabda bütün canlı növlərinin ortaq bir əcdaddan əmələ gəldiyini, ancaq zamanla kiçik dəyişikliklərlə bir-birlərindən təkamüllə törədiyini iddia edirdi.
DarwinMikroskop
Çarlz Darvin nəzəriyyəsini ən ibtidai elm səviyyəsində inkişaf etdirdi. Sağdakına oxşar ən sadə mikroskopların altında canlılıq cox sadə quruluşa sahibmiş kimi görünürdü. Bu yanılma Darvinizmin əsasını təşkil etdi.
Darvinin nəzəriyyəsinin Lamarkın nəzəriyyəsindən fərqli cəhəti “təbii seçmə” anlayışını xüsusi vurğulaması idi. Təbii seçmə təbiətdəki həyat uğrunda mübarizədə güclü və ya mühitin şərtlərinə daha uyğun olan canlıların həyatda qalması deməkdir. Darvin belə məntiq qurmuşdur:
“Bir canlı növünün daxilində təbii və təsadüfi fərqlər olur. Məsələn, bəzi inəklər daha böyük, bəziləri daha tünd rənglidir. Bu dəyişikliklərin hansının üstünlüyü varsa, o xüsusiyyət təbii seçmə ilə seçilə. Beləliklə, sözügedən üstün xüsusiyyət o heyvan sürüsündə hakim rol oynayar. Bu xüs usiyyətlərin uzun zaman ərzində toplanması ilə ortaya yeni növ çıxar”.
Ancaq Darvinin irəli sürdüyü bu “təbii seçmə ilə təkamül” nəzəriyyəsi elə lap əvvəldən bir çox sualı də özü ilə bərabər gətirmişdi. Darvinin “təbii və təsadüfi fərqlər” dediyi şey əslində nə idi? Bəzi inəklərin daha böyük, bəzilərinin daha tünd rəngli doğulduğu doğru idi, lakin bu fərqlər milyonlarla bitki və heyvan növünü necə açıqlaya bilərdi?
1) Darvin “canlılar mərhələli şəkildə təkamül keçirmişdir” deyirdi. Belə olduqda çox sayda “ara növ” yaşamalıydı. Amma fosillər (daşlaşmış canlı qalıqları) arasında  bu nəzəri canlılardan əsər-əlamət yox idi. Darvin bu problem üzərində çox baş sındırmış və nəticədə “bu fosillər gələcəkdə tapıla bilər” deməyə məcbur olmuşdu.
2) Canlıların göz, qulaq, qanad kimi kompleks orqanları təbii seçmə ilə necə açıqlana bilərdi? Tək bir toxumasının əksik olduğu halda, funksiyalarını itirən (heç bir işə yaramayan) bu orqanların “mərhələli şəkildə” inkişaf etdiyini necə müdafiə etmək olardı?
3) Bütün bunlardan əlavə, Darvinin “bütün canlıların ortaq əcdadı” dediyi ilk canlı orqanizm necə əmələ gəlmişdi? Cansız maddə təbii proseslərlə canlıya çevrilə bilmədiyinə görə, Darvin ilk canlının əmələ gəlməsini necə açıqlayacaqdı?
Darvin bu problemlərin ən az bir hissəsini bilirdi. Kitabına əlavə etdiyi “Nəzəriyyənin çətinlikləri” (Difficulties on theory) adlı bölmədə bunları qəbul etmişdi.
Ancaq bu problemlərə verdiyi cavabların elmi əsası yox idi. İngilis fizik H.S.Lipson Darvinin bu “çətinlikləri” haqqında belə deyir:
“Növlərin mənşəyi”ni ilk dəfə oxuduqda Darvinin əslində özündən o qədər də əmin olmadığını anlamışdım. “Nəzəriyyənin çətinlikləri” adlı bölmə açıq şəkildə şübhə doğurur. Bir fizik kimi gözün necə əmələ gəldiyi ilə bağlı izahlarına təəccübləndim.1
Darvin elmi araşdırmalar davam etdikcə “Nəzəriyyənin çətinlikləri”nin aradan qalxacağına ümid edirdi. Lakin əksinə, yeni elmi kəşflər bu çətinlikləri daha da böyütdü.

Həyatın mənşəyi problemi

pastor
Lui Paster cansız maddələrin həyat əmələ gətirəcəyi inancını alt-üst etdi.
Darvin kitabında həyatın mənşəyi məsələsindən heç söz açmamışdı. Çünki onun dövründəki ibtidai elm anlayışına görə canlıların çox sadə quruluşa malik olduğu güman edilirdi. Orta əsrlərdən bəri qəbul edilmiş spontan generasiya adlı nəzəriyyəyə əsasən cansız maddələrin təsadüfən birləşərək canlı varlıq əmələ gətirdiyinə inanırdılar. Bu dövrdə həşəratların yemək qalıqlarından, siçanların da buğdadan əmələ gəldiyi fikri geniş yayılmışdı. Bunu sübut etmək üçün  qəribə təcrübələr aparılmışdı. Kirli əsginin üstünə bir az buğda tökülmüş, bir müddət gözlədikdən sonra bu qarışıqdan siçanların əmələ gələcəyi güman edilmişdi.
Ətin qurdlanması da həyatın cansız maddələrdən törədiyinə dəlil hesab edilirdi. Lakin daha sonra məlum olacaqdı ki, ətin üstündəki qurdlar öz-özünə əmələ gəlmirlər, milçəklərin gətirib qoyduqları gözlə görünməyən sürfələrdən çıxırlar.
Darvinin “Növlərin mənşəyi” adlı kitabını yazdığı dövrdə isə bakteriyaların cansız maddələrdən əmələ gəldiyi fikri elm dünyasında geniş şəkildə qəbul edilirdi.
Lakin Darvinin kitabının nəşrindən beş il sonra məşhur fransız bioloq Lui Paster təkamülə əsas verən bu fikri tamamilə məhv etdi. Paster apardığı uzun elmi fəaliyyət və təcrübələr nəticəsində gəldiyi nəticəni belə ifadə etmişdi: “Cansız maddələrin həyatı əmələ gətirməsi iddiası artıq qəti şəkildə tarixə çevrilmişdir”.2
Təkamül nəzəriyyəsinin müdafiəçiləri Pasterin kəşflərinə uzun müddət qarşı çıxdılar. Ancaq inkişaf edən elm canlı hüceyrəsinin mürəkkəb quruluşunu ortaya çıxardıqca həyatın öz-özünə əmələ gəlməsi iddiası daha böyük müəmmaya çevrildi. Bu mövzunu hərtərəfli şəkildə kitabın sonrakı bölmələrində araşdıracağıq.

Genetika problemi

mendel
Mendelin müəyyən etdiyi irsiyyət qanunları təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə saldı
Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə salan digər məsələ isə irsiyyət oldu. Darvinin nəzəriyyəsini irəli sürdüyü dövrdə canlıların xüsusiyyətlərini sonrakı nəsillərə necə ötürdükləri, yəni irsiyyətin necə baş verdiyi tam məlum deyildi. Ona görə, irsiyyətin qan yolu ilə ötürülməsi kimi ibtidai düşüncələr geniş qəbul edilmişdi.
İrsiyyət haqqında bilgi azlığı Darvinin də nəzəriyyəsini irəli sürərkən tamamilə bəzi səhv fərziyyələrə əsaslanmasına səbəb oldu. Darvin “təkamül mexanizmi” kimi təbii seçmənı göstərirdi. Amma təbii seçmə ilə seçilən “faydalı xüsusiyyətlər” necə ortaya çıxacaq və nəsildən-nəsilə necə ötürüləcəkdi?
Darvin elə bu yerdə Lamark tərəfindən ortaya atılmış “qazanılmış xüsusiyyətlərin sonradan ötürülməsi” tezisinə əl atdı. Təkamül nəzəriyyəsini müdafiə edən tədqiqatçı Qordon R.Teylor “Böyük təkamül müəmması” (The great evolution mystery) adlı kitabında Darvinin lamarkizmdən çox təsirləndiyini belə izah edir:
Lamarkizm qazanılmış xüsusiyyətlərin irsi cəhətdən ötürülməsi kimi tanınır... Darvinin özü açıq desək, bu cür irsiyyətin baş verdiyinə inanmış və hətta barmaqlarını itirdikdən sonra uşaqları barmaqsız doğulan bir adamı nümunə göstərib bu hadisəni izah etmişdir... Darvin Lamarkdan bircə fikir belə götürmədiyini iddia etmişdir. Bu, olduqca gülüncdür, çünki Darvin daima qazanılmış xüsusiyyətlərin ötürülməsi fikri ilə oynamışdır və (ona görə də) Lamarkdan çox Darvin tənqid edilməlidir. Kitabının (Növlərin mənşəyi) 1859-cu il nəşrində “xarici amillərin dəyişməsinin” variasiyalara səbəb olduğunu deyir, ancaq ardınca da bu şərtlərin variasiyaları tənzimlədiyini və bunu edərkən də təbii seçmə ilə birlikdə hərəkət etdiyini açıqlayır. Hər keçən il (orqanların) istifadə edilməsi və ya edilməməsi mövzusuna daha artıq əhəmiyyət vermişdir... 1868-ci ildə “Əhliləşdirilən heyvan və bitkilərin variasiyaları” (Varieties of animal and plants under  domestication) adlı kitabını nəşr etdirdikdə lamarkist irsiyyətə dəlil olduğunu hesab edən bir çox nümunə vermişdir...
Bəzi oğlan uşaqlarının orqanlarının ön dərilərinin nəsillər boyu edilən sünnət nəticəsində qısalması kimi.3
Ancaq Lamarkın tezisi əvvəldə də dediyimiz kimi, avstriyalı botanik rahib Qreqor Mendelin kəşf etdiyi irsiyyət qanunları tərəfindən təkzib edildi. Belə olduqda “faydalı xüsusiyyətlər” anlayışı da əsassız qaldı. Genetika qanunları qazanılmış xüsusiyyətlərin ötürülmədiyini və irsiyyətin dəyişilməyən bəzi qanunlara əsasən baş verdiyini göstərirdi. Bu qanunlar növlərin dəyişməzliyi fikrini dəstəkləyirdi. Darvinin İngiltərədəki heyvan bazarlarında gördüyü inəklər nə qədər fərqli kombinasiyalarla cütləşdirilsələr də, növ dəyişməyəcək və inək olaraq qalacaqdılar.
Qreqor Mendel uzun təcrübə və müşahidələr nəticəsində müəyyən etdiyi irsiyyət qanunlarını 1865-ci ildə elmi jurnalda açıqlamışdı. Ancaq bu qanunlar əsrin sonlarında elm dünyasının diqqətini çəkdi. XX əsrin əvvəllərində bu qanunların doğruluğu bütün elm dünyası tərəfindən qəbul edildi. Bu vəziyyət “faydalı xüsusiyyətlər” anlayışını Lamarka əsaslanaraq izah etməyə çalışmış Darvinin nəzəriyyəsini çıxılmaz vəziyyətə saldı.
Burada ümumi bir səhvi düzəltmək yerində olar: Mendel təkcə Lamarkın təkamül modelinə deyil, eyni zamanda Darvinin də təkamül modelinə qarşı çıxmışdı. “İrsiyyət” jurnalında (Journal of heredity) nəşr edilən “Mendelin təkamülə və Darvinə müxalifəti” (Mendel’s opposition to evolution and to Darwin) başlıqlı məqalədə bildirildiyi kimi, “Mendel “Növlərin mənşəyi” əsəri ilə tanış idi və Darvinin nəzəriyyəsinə qarşı çıxırdı. Darvin təbii seçmə ilə ortaq əcdaddan təkamül  keçirmə nəzəriyyəsini irəli sürərkən Mendel xüsusi yaradılışa inanırdı”.4
Mendelin kəşf etdiyi qanunlar darvinizmi çətinliyə saldı. Məhz bu səbəblərdən Darvinizmi müdafiə edən elm adamları XX əsrin birinci rübündə yeni təkamül modeli qurmağa çalışdılar. Beləliklə, neodarvinizm meydana gəldi.

Neodarvinizmin səyləri

Darvinizm ilə genetika elmini birtəhər uyğunlaşdırmağı qarşısına məqsəd qoyan bir qrup elm adamı 1941-ci ildə Amerika Geologiya Dərnəyinin təşkil etdiyi bir yığıncaqda toplandılar. G.Ledyard Stebbins və Teodosius Dobjanski kimi genetiklərin, Ernst Mayr və Culian Haksley kimi zooloqların, Corc Qeylord Simpson və Qlen L.Cepsen kimi paleontoloqların uzun müzakirələrdən sonra gəldiyi nəticə darvinizmə yeni forma vermək oldu.5
Bu şəxslər genetika qanunlarının ortaya qoyduğu “genetik sabitlik” həqiqətinə qarşı hollandiyalı botanik Hüqo de Vries tərəfindən əsrin əvvəlində irəli sürülən “mutasiya” anlayışından istifadə etdilər. Mutasiyalar məlum olmayan səbəblərdən canlıların irsiyyət mexanizmlərində meydana gələn pozuntular idi.
Mutasiya keçirən canlılar valideynlərindən aldıqları genetik məlumatdan başqa bəzi anormal formalara malik olurdular.
neo-darwinistler
Neodarvinizmin qurucuları: Ernst Mayr, Teodosius Dobjanski və Gulian Haksley
Amerika Geologiya Dərnəyində toplanan elm adamları bu mutasiya anlayışını mənimsədilər və Darvinin Lamarka əsaslanaraq cavablamağa çalışdığı“canlıları inkişaf etdirən faydalı dəyişikliklərin mənbəyi nədir?” sualına “təsadüfi mutasiyalar” cavabını verdilər. Darvinin təbii seçmə tezisinə mutasiya anlayışının əlavə edilməsiylə ortaya  çıxan bu yeni nəzəriyyəyə də “Müasir sintetik təkamül nəzəriyyəsi” adını verdilər. Qısa müddət ərzində bu yeni nəzəriyyə neodarvinizm kimi tanındı və nəzəriyyəni irəli sürənlər də neodarvinistlər  kimi tanındılar.
Ancaq mühüm bir problem var idi: mutasiyaların canlıların genetik məlumatını dəyişdirməsi doğru idi, lakin bu dəyişiklik daima mənfi təsir edirdi. Müşahidə edilən bütün mutasiyalar şikəst, xəstə, zəif fərdlər ortaya çıxarır, bəzən də birbaşa ölümə səbəb olurdular. Ona görə də neodarvinistlər çoxlu təcrübə və müşahidə aparıb canlıların genetik məlumatını təkmilləşdirən “faydalı mutasiya” nümunələri əldə etməyə çalışdılar. Meyvə milçəkləri və digər bəzi növlər üzərində on illərlə davam edən mutasiya təcrübələri keçirildi. Ancaq bu təcrübələrdə heç vaxt mutasiyaların canlıların genetik məlumatını təkmilləşdirməsi faktı müşahidə edilmədi.
Bu gün mutasiya məsələsi hələ də darvinizm üçün böyük müəmmadır. Darvinizmin “faydalı dəyişikliklərin” yeganə mənbəyi kimi göstərdiyi mutasiyaların sözün əsl mənasında heç bir faydalı nümunəsi müşahidə edilməmişdir. Bu mövzunu daha sonrakı bölmədə təfərrüatı ilə araşdıracağıq.
Neodarvinist nəzəriyyəni çıxılmaz vəziyyətə salan digər sahə isə fosillər oldu. Fosillər Darvin dövründə belə nəzəriyyənin qarşısında böyük maneə olmuşdu.
Darvin nəzəriyyəsini dəstəkləyən “ara növ” canlılara aid fosillərin olmadığını qəbul etmiş, lakin yeni araşdırmalar nəticəsində bu fosillərin tapılacağını irəli sürmüşdü. Ancaq hər cür paleontoloji səyə baxmayaraq, fosillər nəzəriyyənin qarşısında böyük maneə olmağa davam edirdi. Darvinin dövründə nəzəriyyəni dəstəkləyən və böyük dəlil hesab edilən “rudiment orqanlar”, “embrioloji rekapitulyasiya” və “homologiya” kimi məfhumlar da yeni elmi kəşflər qarşısında bir-bir əsasını itirdi. Bütün bu mövzuları kitabın sonrakı bölmələrində hərtərəfli şəkildə təhlil edəcəyik.

Böhran içində olan  nəzəriyyə

Darvinizmin irəli sürüldüyü gündən bəri qarşılaşdığı problemlərin buraya qədər qısa şəkildə xülasəsini verdik. Bu maneələrin nə qədər böyük olduğunu bir azdan araşdıracağıq. Bu kitabdakı məqsədimiz təkamül nəzəriyyəsinin bəzi insanların hesab etdiyi və ya göstərməyə çalışdığı kimi, açıq elmi həqiqət olmadığını göstərməkdir. Əksinə, təkamül nəzəriyyəsi ilə elmi kəşflər müqayisə edildikdə böyük ziddiyyət meydana gəlir. Populyasiya genetikası, müqayisəli anatomiya, paleontologiya, molekulyar biologiya və biokimya kimi bir çox fərqli sahədə təkamül nəzəriyyəsi “böhran” içindədir.
Bu tərif avstraliyalı biokimyaçı və darvinizmin tanınmış tənqidçisi prof. Maykl Denton tərəfindən verilmişdir. Denton 1985-ci ildə nəşr edilən “Təkamül: böhran içində nəzəriyyə” (Evolution: a theory in crisis) adlı kitabında nəzəriyyəni müxtəlif elm sahələrinin işığında təhlil etmiş və bu nəticəyə gəlmişdir ki, təbii seçmə nəzəriyyəsi canlıların mənşəyini açıqlaya bilmir.6 Denton darvinizmi başqa düşüncə tərzinin doğruluğunu göstərmək üçün tənqid etməmiş, sadəcə nəzəriyyəni elmi kəşflərlə müqayisə etmişdir. Son 20 il ərzində hələ bir çox elm adamı təkamül nəzəriyyəsinin elmi əsassızlığı haqqında çox mühüm elmi əsərlər yazmışlar.
Bu kitabda təkamül nəzəriyyəsinin düşdüyü bu böhranı təhlil edəcəyik. Bəlkə bəzi oxucular onlara izah edilməsinə baxmayaraq, təkamül nəzəriyyəsinə inanmaqdan əl çəkməyəcəklər. Ancaq yenə də bu kitabı oxumaları, heç olmasa inandıqları nəzəriyyənin elmi kəşflər qarşısındakı əsl mövqeyini görmələri baxımından faydalı olacaq.

Qeydlər

1  H. S. Lipson, "A Physicist's View of Darwin's Theory", Evolution Trends in Plants, cild 2, no. 1, 1988, səh. 6.
2  Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, W. H. Freeman and Company, San Francisco, 1972, səh. 4.
3  Gordon Rattray Taylor, The Great Evolution Mystery, London: Abacus, Sphere Books, London, 1984, səh. 36, 41-42.
 B. E. Bishop, "Mendel's Opposition to Evolution and to Darwin", Journal of Heredity, 87, 1996, səh. 205-213; daha ətraflı baxın: L. A. Callender, "GregorMendel: An Opponent of Descent with Modification", History of Science, 26, 1988, səh. 41-75.
5 Lee Spetner, Not By Chance! Shattering the Modern Theory of Evolution, The Judaica Press Inc., New York, 1997, səh. 20.
6  Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books, 1985.

DARVİNİZMİN MEXANİZMLƏRİ

DARVİNİZMİN MEXANİZMLƏRİ

Təkamül nəzəriyyəsinə əsasən canlılar təsadüflərlə əmələ gəlmiş və yenə təsadüflərlə inkişaf etmişdir. Bundan təqribən 3.8 milyard il əvvəl dünyada heç bir canlı yox ikən əvvəlcə canlı hüceyrələr, sonra çoxhüceyrəli kompleks canlılar əmələ gəlmiş və getdikcə daha mürəkkəb növlər ortaya çıxmışdır. Başqa sözlə, darvinizmə əsasən təbiətdəki bəzi amillər sadə cansız elementlərdən çox kompleks və qüsursuz dizayna malik canlılar meydana gətirmişdir.
Bu iddianı nəzərdən keçirərkən, əvvəla, təbiətdə həqiqətən belə bir gücün olub-olmadığına baxmaq lazımdır. Daha açıq desək, bu cür təkamülü həyata keçirəcək təbii mexanizmlər varmı?
Bu gün təkamül nəzəriyyəsi adlandırdığımız neodarvinist model bu məsələ ilə bağlı iki əsas mexanizm irəli sürür: “təbii seçmə” və “mutasiya”. Nəzəriyyənin əsas iddiası belədir: “Təbii seçmə və mutasiya bir-birlərini tamamlayan iki mexanizmdir. Təkamül xarakterli dəyişikliklərin mənbəyi canlıların genetik quruluşunda meydana gələn təsadüfi mutasiyalardır. Mutasiyaların səbəb olduğu xüsusiyyətlər təbii seçmə mexanizmi vasitəsilə seçilir, beləliklə, canlılar təkamül keçirirlər”.
Bu ssenarini bir az təhlil etdikdə isə, əslində ortada konkret “təkamül mexanizminin” olmadığını görərik. Çünki nə təbii seçmə,  nə də mutsiyalar növlərin təkamül keçirmələri və bir-birlərinə çevrilmələri iddiasına ən kiçik töhfə verməmişlər.
Darvinizmin əsasında təbii seçmə məfhumu dayanır. Darvinin nəzəriyyəsini irəli sürdüyü kitabının başlığında da vurğulanan iddia budur: Növlərin mənşəyi, təbii seçmə yolu ilə.

Təbii Seçmə

Təbii seçmə təbiətdə daimi həyat uğrunda mübarizə olması və həyatda qalanların həmişə “güclü və təbii şərtlərə uyğun” canlılara çevrilməsi fərziyyəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanların təhlükəsinə məruz qalan maral sürüsündə əsasən sürətlə qaça  bilən marallar həyatda qalar. Bir müddət sonra isə bu maral sürüsü sürətlə qaçan fərdlərdən ibarət olar.
Ancaq bu proses nə qədər uzun davam etsə də, maralları başqa canlı növünə çevirməz. Zəif marallar aradan çıxar, güclülər həyatda qalar, amma nəticədə maralların genetik məlumatında dəyişiklik olmadığı üçün “növ dəyişikliyi” baş verməz. Marallar nə qədər təbii seçməyə məruz qalsalar da, maraldan başqa canlıya çevrilməzlər.
Maral nümunəsi bütün növlər üçün etibarlıdır. Təbii seçmə vasitəsilə sadəcə populyasiya içindəki şikəst, zəif və ya ətraf mühitin şərtlərinə uyğunlaşmayan fərdlər xaric edilir. Yeni canlı növləri, yeni genetik məlumat və ya yeni orqanlar üzə çıxarmır, yəni canlılar təkamül keçirmirlər. Darvin də bu həqiqəti“faydalı dəyişikliklər baş vermədikcə təbii seçmə heç bir şey edə bilməz” deyərək qəbul etmişdir.Elə bu səbəbdən neodarvinizm genetik məlumatı dəyişdirən amil kimi mutasiya mexanizmini təbii seçmənin yanına əlavə etməyə məcbur olmuşdur.
Mutasiyaları bir az sonra nəzərdən keçirəcəyik. Ancaq əvvəlcə, təbii seçmə anlayışını bir az da ətraflı təhlil edək və ziddiyyətlərini görək.

Həyat uğrunda mübarizə

malthus
Darvin həyat uğrunda mübarizə muddəasını inkişaf etdirərkən Tomas Maltusdan təsirlənmişdi. Lakin müşahidə və təcrübələr Maltusu haqsız çıxardı.
Təbii seçmə nəzəriyyəsinin ən əsas fərziyyəsi təbiətdə həyat uğrunda amansız mübarizənin olması və hər canlının sadəcə özünü düşünməsidir. Darvin bu fikri ortaya atarkən ingilis klassik iqtisadçı Tomas Robert Maltusun nəzəriyyələrindən təsirlənmişdi. Maltus qida mənbələrinin riyazi ardıcıllıq ilə artdığını, insanların isə həndəsi ardıcıllıq ilə çoxaldığını izah etmiş və ona görə insanların həyat uğrunda labüd amansız mübarizə apardıqlarını irəli sürmüşdü. Bundan əlavə Maltus həddindən artıq əhali artımının qıtlıq və xəstəlik kimi amillərlə tənzimləndiyini iddia etmişdi. Darvin isə insanlar arasındakı bu həyat uğrunda amansız mübarizəni təbiətə də tətbiq etmiş və “təbii seçmənın” bu mübarizənin nəticəsi olduğunu iddia etmişdi.
Lakin daha sonra aparılan tədqiqatlar təbiətdə Darvinin fərz etdiyi kimi mütləq həyat uğrunda mübarizə olmadığını göstərdi. İngilis zooloq V.C.Uayni Edvardsın heyvan sürüləri üzərində 1960-70-ci illərdə apardığı uzun elmi tədqiqatlar heyvan sürülərinin çox maraqlı şəkildə artımlarını tənzimlədiklərini və qida üçün rəqabətin qarşısını aldıqlarını üzə çıxardı.
Heyvan sürüləri artımlarını əllərində olan qida mənbələrinə əsasən tənzimləyirdilər. Artım aclıq və yoluxucu xəstəliklər kimi “zəifləri aradan çıxaran” faktorlarla deyil, heyvanlardakı instinktiv nəzarət mexanizmləri ilə tənzimlənirdi. Yəni heyvanlar artımlarını Darvinin güman etdiyi kimi amansız rəqabət yolu ilə deyil, çoxalmalarını məhdudlaşdıraraq tənzimləyirlər.8
Bitkilər belə Darvinin irəli sürdüyü “rəqabət yolu ilə seçmə” nümunəsi ilə deyil, artım nəzarətilə çoxalırdılar. Botanik A.D.Bredşounun apardığı müşahidələr bitkilərin çoxalarkən cücərdiyi sahədə “bitki sıxlığına” görə hərəkət etdiklərini, sahədəki bitki sıxlığı artdıqda çoxalmanı azaltdıqlarını sübut etdi.9 Digər tərəfdən qarışqalar, bal arıları kimi canlı icmalarında rast gəlinən fədakarlıq nümunələri darvinist həyat uğrunda mübarizə anlayışının tam əksini göstərirdi.
Son illərdəki bəzi tədqiqatlar fədakarlıq davranışının hətta bakteriyalarda da mövcud olduğunu üzə çıxarmışdır. Beyinə və ya sinir sisteminə malik olmayan, ona görə düşünmə qabiliyyətinə malik olmayan bu canlılar virus hücumuna məruz qaldıqda digər bakteriyaları xilas etmək üçün intihar edirlər.10
Bu nümunələr təbii seçmənın əsas fərziyyəsi olan “həyat uğrunda mütləq mübarizə” məfhumunu əsassız edir. Təbiətdə rəqabətin olması doğrudur, amma bu rəqabətlə bərabər çox açıq görünən fədakarlıq və həmrəylik nümunələri də var.

Müşahidə və təcrübələr

Təbii seçmə ilə təkamül nəzəriyyəsi yuxarıda bildirdiyimiz nəzəri əsassızlıqla bərabər əslində konkret elmi kəşflər qarşısında çıxılmaz vəziyyətə düşmüşdür.
Bir nəzəriyyənin elmilik dəyəri müşahidə və təcrübələr qarşısındakı uğuru və ya uğursuzluğu ilə ölçülür. Təbii seçmə ilə təkamül nəzəriyyəsi isə müşahidə və təcrübələr qarşısında tamamilə məğlub olmuşdur.
Darvindən bəri təbii seçmə vasitəsilə canlıların təkamül keçirdiyinə dair tək bir tapıntı belə üzə çıxmamışdır. Məşhur təkamülçü olan ingilis Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Paterson bu həqiqəti belə qəbul edir:
Kimsə təbii seçmə mexanizmlərilə yeni növ əldə edə bilməmişdir. Kimsə belə bir şeyə qismən də olsa, nail ola bilməmişdir. Bu gün neodarvinizmin ən çox müzakirə edilən mövzusu da budur.11
Fransanın ən məşhur zooloqlarından olan 35 cildlik “Traité de zoologie” ensiklopediyasının redaktoru və Fransa Elmlər Akademiyasının (Académie des Sciences) keçmiş rəhbəri Pier Pol Qrasse isə “Canlı orqanizmlərin təkamülü” (Evolution of living organisms) adlı kitabının “Təkamül və təbii seçmə” bölməsini belə bitirmişdir:
C.Haksli və digər bioloqların təkamülün təbii seçmə mexanizmi vasitəsilə hazırladığı nəzəriyyəsi demoqrafik həqiqətlərin, genotiplərin regional dalğalanması və coğrafi səpələnmələrin müşahidəsindən başqa şey deyil. Nəzərdən keçirilən növlərin əksəriyyəti on min illər ərzində heç dəyişmədən qalmışdır. Şərtlərlə əlaqədar meydana gələn dalğalanmalar genlərin əvvəlcədən dəyişməsilə bərabər nəzərdən keçirildikdə təkamülə dəlil göstərilə bilməz və bunun ən gözəl dəlili milyonlarla il ərzində heç bir dəyişikliyə uğramadan yaşayan fosillərdir.12
Təkamül nəzəriyyəsini müdafiə edən bioloqların “təbii seçmənın müşahidə edilmiş nümunəsi” kimi göstərdikləri bir neçə nadir hadisəyə baxdıqda isə əslində onların təkamül nəzəriyyəsinə dəlil olmadığını asanlıqla görərik.

Sənaye inqilabı kəpənəklərinin gerçək əhvalatı

Təkamülçü mənbələrə nəzər saldıqda İngiltərədəki sənaye inqilabı dövrü kəpənəklərinin təbii seçmə ilə təkamül keçirmə tezisinə nümunə göstərildiyini görmək olar. Dərsliklərdə, jurnallarda, hətta akademik mənbələrdə bu mövzu təkamülün ən aydın və müşahidə edilmiş nümunəsi kimi təqdim edilir.
Lakin əslində bu nümunənin təkamüllə heç bir əlaqəsi yoxdur. Əvvəlcə, bu nümunəni qısa şəkildə təsvir edək: deyilənə görə, İngiltərədə sənaye inqilabı dövrünün başladığı illərdə Mançester ərazisindəki ağacların qabıqları açıq rəngli idi. Ona görə bu ağacların üstünə qonan tünd rəngli güvə kəpənəklərini quşlar tez görür və yaşama ehtimalları azalırdı. Lakin əlli il sonra sənaye tullantıları nəticəsində ağacların üstündəki açıq rəngli yosunların ölməsi ilə qabıqları tündləşir və buna görə, bu dəfə də açıq rəngli güvələri quşlar daha çox yeməyə başlayır. Nəticədə açıq rəngli kəpənəklər sayca azalır, tünd rənglilər isə nəzərə çarpmadığına görə çoxalır.

kelebek
Yuxarıda sənaye inqilabından əvvəlki, altda isə sonrasındakı ağaclar və kəpənəklər görsənir. Ağacların rəngi tündləşdiyi üçün açıq rəngli kəpənəklər quşlar tərəfindən daha asan ovlanmış və sayları azalmışdır. Ancaq bu, təkamül deyildir, çünki yeni növ əmələ gəlməmiş, sadəcə var olan növlərin sayı azalmışdı.
Bu hadisə təbii seçmə ilə təkamül nəzəriyyəsinin böyük dəlili hesab edilir, açıq rəngli kəpənəklərin zaman ərzində tünd rəngli kəpənəklərə çevrilib təkamül keçirməsi şəklində səhv dəyərləndirilir.
Lakin bu nümunənin doğru olması fərz edilsə belə, təkamül nəzəriyyəsinə dəlil deyil. Çünki baş verən təbii seçmə daha əvvəl təbiətdə mövcud olmayan yeni növ meydana gətirməmişdir. Sənaye inqilabından əvvəl də kəpənək populyasiyası daxilində qara fərdlər var idi. Lakin mövcud olan kəpənək növlərinin sayı dəyişmişdir. Kəpənəklər “növ dəyişikliyi” istiqamətində yeni orqan və ya xüsusiyyət qazanmamışdılar.13Lakin bir kəpənəyin başqa canlı növünə, məsələn, bir quşa çevrilməsi üçün kəpənəyin genlərində saysız-hesabsız dəyişiklik, əlavə və əksiltmələr edilməli, başqa sözlə, kəpənəyin geninə quşun fiziki xüsusiyyətlərinə aid məlumatları ehtiva edən tamamilə ayrı genetik proqram yüklənməlidir.
Sənaye kəpənəkləri ilə bağlı təkamülçü hekayəyə verilən ümumi cavab belədir. Ancaq mövzunun daha da maraqlı tərəfi var: hekayənin sadəcə şərhi deyil, özü də səhvdir. Molekulyar bioloq Conatan Uelzin 2000-ci ildə nəşr edilən “Təkamül bütləri” (İcons of evolution) adlı kitabında açıqladığı kimi, demək olar ki, hər təkamül tərəfdarı biologiya kitabında verilən və bu səbəbdən “bütə” çevrilmiş sənaye inqilabı kəpənəkləri hekayəsi həqiqətləri əks etdirmir. Uelz hekayənin “təcrübi dəlili” kimi məlum olan Bernard Ketlvelin elmi fəaliyyətinin əslində elmi qalmaqal olduğunu izah edir. Bu qalmaqalın bəzi təməl ünsürlərini belə sıralamaq olar:
  • Ketlvelin təcrübələrindən daha sonra aparılan bir çox araşdırma sözügedən kəpənəklərin sadəcə bir növünün ağacın gövdəsinə qonduğunu, digər bütün növlərin üfüqi budaqların alt hissələrinə qonduğunu üzə çıxardı. 1980-ci ildən etibarən kəpənəklərin ağac gövdələrinə çox nadir hallarda qonduğu hər kəs tərəfindən qəbul edildi. Bu mövzuda 25 il tədqiqat aparan Siril Klark, Rouri Haulet, Maykl Macerus, Toni Libert, Pol Breykfild kimi bir çox elm adamı “Ketlvelin təcrübəsində kəpənəklərin təbii davranışlarından fərqli davranmağa məcbur edildiklərini, təcrübə nəticələrinin buna görə elmi cəhətdən qəbul edilməyəcəyini” bildirdilər.14
  • Ketlvelin təcrübəsini təhlil edən tədqiqatçılar daha da təəccüblü nəticə ilə qarşılaşdılar: İngiltərənin çirklənməmiş ərazilərində açıq rəngli kəpənəklərin daha çox olması gözlənilərkən tünd rənglilər açıq rənglilərdən dörd dəfə çox idi. Yəni Ketlvelin iddia etdiyi və dərhal hər təkamülçü mənbədə təkrarlandığı kimi kəpənəklərin sayı ilə ağac qabıqları arasında heç bir əlaqə yox idi.
  • Məsələnin əsli araşdırıldıqca qalmaqal böyüdü: Ketlvel tərəfindən fotoşəkilləri çəkilən “ağac qabığı üzərindəki güvə kəpənəkləri” əslində ölü kəpənəklər idi. Ketlvel bu ölü canlıları iynə və yapışqanla ağaca yapışdırmış və o cür şəkillərini çəkmişdi. Əslində kəpənəklər ağac gövdəsinə deyil, budaqların alt hissəsinə qonduqları üçün belə bir rəsm əldə etmə ehtimalı demək olar ki, yox idi.15
Bu həqiqətlər 90-cı illərin sonlarında elm dünyası tərəfindən üzə çıxarıldı. On illər boyu “təkamülə giriş” dərslərinin ən böyük materialı olan sənaye kəpənəkləri əfsanəsinin bu şəkildə puça çıxması təkamülçülər arasında ümidsizliyə səbəb oldu. Onlardan biri olan Ceri Koyn belə deyirdi:
Həqiqəti (xallı kəpənəklər saxtakarlığını) öyrəndikdə verdiyim reaksiya 6 yaşımda ikən yeni il hədiyyələrimi şaxta babanın deyil, atamın gətirdiyini öyrəndikdə keçirdiyim ümidsizlik hissi oldu.16
Beləliklə, “təbii seçmənın ən məşhur nümunəsi” də bir elm qalmaqalı kimi tarixə düşdü.
Şübhəsiz, bunun nəticəsinin belə olması labüd idi. Çünki təbii seçmə təkamülçülərin iddiasının əksinə olaraq “təkamül mexanizmi” deyil, bir canlıya hər hansı orqan əlavə etmə və ya orqan əksiltmə, bir növü başqa növə çevirmə kimi xüsusiyyətlərə malik deyil. Darvindən dövrümüzə qədər bu mövzuda irəli sürülən ən böyük “dəlil”  İngiltərədəki sənaye inqilabı kəpənəkləri hekayəsindən başqa bir şey deyil.

Təbii seçmə kompleksliyi nə üçün açıqlaya bilmir?

Əvvəldə də dediyimiz kimi, təbii seçmə ilə təkamül nəzəriyyəsinin ən böyük müəmması təbii seçmə vasitəsilə canlıların yeni orqanlar və xüsusiyyətlər qazanmamasıdır. Təbii seçmə yolu ilə bir növün genetik məlumatı təkmilləşmir və beləliklə də, yeni növlərin əmələ gəlməsi açıqlana bilməz. Harvard Universitetindən paleontoloq Stefen C.Quld təbii seçmənın düşdüyü bu çıxılmaz vəziyyəti belə izah edir:
Darvinizmin əsası bir cümlə ilə ifadə edilə bilər: “Təbii seçmə təkamül xarakterli dəyişikliyin yaradıcı gücüdür”. Kimsə seçmənın uyğun olmayanı aradan çıxarmasındakı neqativ rolunu inkar etmir. Ancaq darvinist nəzəriyyə “uyğun olanı yaratmasını” da istəyir.17
Təbii seçmə məsələsində istifadə edilən yanıldıcı üslublardan biri də bu mexanizmin şüurlu dizayner kimi başa düşülməsidir. Lakin əslində təbii seçmənın şüuru yoxdur. Canlılar üçün nəyin yaxşı, nəyin pis olduğunu ayırd edəcək ağıla sahib deyil. Bu səbəbdən təbii seçmə kompleks quruluşa malik sistemlərin və orqanların necə mövcud olduqlarını heç vaxt açıqlaya bilməz. Sözügedən sistem və orqanlar bir çox hissənin birlikdə fəaliyyət göstərməsi ilə əmələ gəlir və bu hissələrdən tək biri olmasa və ya qüsurlu olsa, heç bir işə yaramazlar. Bu cür sistemlər “sadələşdirilməz komplekslik” kimi tərif edilən xüsusiyyətə malikdir. Məsələn, insan gözünün quruluşu sadələşdirilə bilməz, çünki bütün detalları ilə birlikdə mövcud olmadıqca öz funksiyasını yerinə yetirməz.
Bu cür sistemi meydana gətirən şüur gələcəyi əvvəlcədən hesablayıb sadəcə ən son mərhələdə nail olunacaq faydanı əldə etmək üçün qarşısına məqsəd qoymalıdır. Təbii seçmə isə şüur və iradəyə malik mexanizm olmadığı üçün belə bir şey edə bilməz. Bu həqiqət “bir-birinin ardınca çox sayda kiçik dəyişikliklərlə kompleks orqanın əmələ gəlməsinin qeyri-mümkün olması göstərilsə, nəzəriyyəmin tamamilə mənasız olduğu sübut ediləcək” deyən Darvinin narahat olduğu kimi, təkamül nəzəriyyəsini süqut uğratdı.18

Mutasiyalar

mutasyon
Mutasiyanın nəticəsi : şikəst ayaq
Mutasiyalar canlı hüceyrəsinin nüvəsində yerləşən və genetik məlumat daşıyan DNT molekulunda radiasiya və ya kimyəvi təsirlər nəticəsində meydana gələn qırılmalar və ya yerdəyişmələrdir. Mutasiyalar DNT-ni təşkil edən nukleotidləri pozur və ya yerlərini dəyişdirirlər. Çox vaxt hüceyrənin təmir edə bilmədiyi ölçüdə zərər və dəyişikliklərə səbəb olurlar.
Ona görə də mutasiya heç də canlıları daha təkmil və mükəmməl etmir. Mutasiyalar konkret olaraq zərər verirlər. Mutasiyaların səbəb olduğu dəyişikliklər ancaq Xirosima, Naqasaki və ya Çernobıldakı insanlarda olan dəyişikliklər kimidir: yəni ya ölürlər, ya da şikəst olurlar...
Bunun səbəbi çox sadədir: DNT çox kompleks quruluşa malikdir. Bu molekula olan hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı bioloq B.G.Ranqanatan bunu belə açıqlayır:
Əvvəla, mutasiyalar təbiətdə çox nadir meydana gəlirlər. İkincisi, onlar genlərin quruluşundakı nizamlı dəyişikliklər deyil, təsadüfi dəyişikliklərdir; ona görə əsasən zərərli olurlar. Olduqca nizamlı sistem daxilindəki hər hansı bir dəyişiklik daha yaxşıya doğru deyil, daha pisə doğru olur. Məsələn, əgər bir zəlzələ bina kimi çox nizamlı quruluşa malik konstruksiyanı silkələsə, binanın skeletində təsadüfi dəyişiklik olar və bu binanı əsla təkmilləşdirməz.19
Belə ki, bu günə qədər heç bir faydalı mutasiya nümunəsi müşahidə edilməmişdir. Bütün mutasiyaların zərərli olduğu məlum olmuşdur. İkinci dünya müharibəsindən sonra nüvə silahları nəticəsində əmələ gələn mutasiyaları tədqiq etmək üçün qurulan Atom Radiasiyasının Genetik Təsirləri Komitəsinin (Committee on Genetic Effects of Atomic Radiation) hazırladığı hesabat haqqında təkamülçü elm adamı Uarren Uiver belə deyirdi:
meyve sineği
1 - Buynuz, 2 - Gözlər, 3 - Ağız, 4 - Ayaq
Təkamülçü bioloqlar əsrin əvvəlindən bəri milçəkləri mutasiyaya məruz qoyaraq faydalı mutasiya nümunəsi axtarırlar. Ancaq bu səylərin nəticəsində hər zaman şikəst, xəstə, qüsurlu milçək əldə edildi. Yuxarıda, solda normal meyvə miçəyinin başı və sağda mutasiyaya məruz qalaraq ayaqları başında çıxan başqa bir meyvə milçəyi görsənir.
meyve-sineği
Qanadlarının forması dəyişmiş mutant milçək
Çoxları məlum olan bütün mutasiya nümunələrinin zərərli olması nəticəsi qarşısında təəccüblənəcəkdir, çünki mutasiyalar təkamül prosesinin əsasını təşkil edir. Necə olur ki, müsbət təsir – yəni canlının daha təkmil canlı növlərinə təkamüllə çevrilməsi – faktiki olaraq tamamilə zərərli olan mutasiyaların nəticəsi ola bilər?20
alyuvar
Oraqvari hüceyrə anemiyasinda hemoqlobinin forması və funksiyası pozulur. Buna görə də hemoqlobinin oksigen daşıma qabiliyyəti azalır.
İllər boyu davam etdirilən “faydalı mutasiya əmələ gətirmə” səylərinin hamısı uğursuzluqla nəticələnmişdir. Təkamülçü bioloqlar çox sürətlə çoxaldığı və mutasiyaya uğradılması asan olduğu üçünmeyvə milçəkləri üzərində on illər ərzində mutasiya təcrübələri keçirdilər. Bu canlılar mümkün olan hər cür mutasiyaya milyon dəfələrlə uğradıldılar. Amma bircə faydalı mutasiya müşahidə edilmədi. Qordon Teylor bununla bağlı belə yazır:
Bu çox təəccüblüdür, amma bir o qədər də gözdən qaçan həqiqətdir: altmış ildən bəri dünyanın hər tərəfində genetiklər təkamülü sübut etmək üçün laboratoriyalarda meyvə milçəkləri yetişdirirlər. Amma hələ də bir növün, hətta bircə fermentin belə əmələ gəlməsi müşahidə edilməmişdir.21
Başqa bir tədqiqatçı Maykl Pitman meyvə milçəkləri üzərindəki təcrübələrin uğursuzluğunu belə ifadə edir:
Morqan, Qoldsmit, Müller və digər genetiklər meyvə milçəyi generasiyalarını isti, soyuq, işıqlı, qaranlıq, kimyəvi və radioaktiv təsirləri olan şərtlər altında saxlamışlar. Təcrübələr nəticəsində az zərərli və ya tamamilə zərərli olan hər cür mütasiya baş vermişdir. Bəs, nəticədə insan tərəfindən həyata keçirilən süni təkamül baş verdimi? Xeyr. Genetiklərin əmələ gətirdiyi məxluqların çox azı sınaq şüşələrindən kənarda həyatlarını davam etdirə bildilər. Mutantlar ölür, qısır qalır və ya əvvəlki vəziyyətlərinə yenidən qayıtma meyli göstərirdilər.22
İnsan üçün də vəziyyət eynidir. İnsanlar üzərində müşahidə edilən bütün mutasiyalar zərərlidir. Tibb kitablarında “mutasiya nümunəsi” kimi verilən monqolizmDaun sindromualbinizmcırtdanlıq kimi əqli və ya fiziki pozuntuların və ya xərçəng kimi xəstəliklərin hər biri mutasiyaların zərərli təsirlərini göstərir.
Amerikalı patoloq Devid A.Demik mutasiyalar haqqında yazdığı elmi məqaləsində bu mövzuda belə deyir:
Son illərdə genetik mutasiyalarla əlaqədar minlərlə insan xəstəliyi təsnif edilmişdir. Yeni nəşr edilən bir kitabda 4500 fərqli genetik xəstəlik sadalanır.
Habelə molekulyar genetik analizlərdən əvvəl klinik cəhətdən tərif edilən bəzi irsi sindromların (məsələn, Marfan sindromunun) mutasiyalar nəticəsində əmələ gəlməsi məlum olmuşdur...
Mutasiyaların əmələ gətirdiyi bütün bu xəstəliklərlə bərabər faydalı təsirləri də varmı? Məlum olan minlərlə zərərli mutasiya nümunəsi ilə bərabər, əlbəttə, bəzi müsbət nümunələri də saymaq lazımdır, əgər makrotəkamül doğrudursa. Bu müsbət nümunələr həm daha kompleks formalar əmələ gətirmək üçün, həm də çox sayda zərərli mutasiyanın dağıdıcı təsirini tarazlamaq üçün təkamülə lazım olacaqdır. Amma məsələ bu faydalı mutasiyaları tərif etməyə gəldikdə, təkamülçü bioloqlar həmişə qəribə sükut içindədirlər.23
Təkamülçü bioloqların “faydalı mutasiya” kimi bəhs etdikləri yeganə nümunə demək olar ki, oraqvari hüceyrə anemiyası xəstəliyidir. Bu xəstəlik qanda oksigen daşıyan hemoqlobin molekulunun mutasiya nəticəsində pozulması və formasının dəyişməsiylə baş verir. Bunun nəticəsində də hemoqlobinin oksigen daşıma qabiliyyəti ciddi şəkildə zərər görür. Oraqvari hüceyrə anemiyası xəstəliyinə tutulan insanlar bu səbəbdən getdikcə artan tənəffüs çətinliyindən əziyyət çəkirlər. Tibb kitablarının qan xəstəlikləri bölməsində bəhs edilən bu mutasiya nümunəsi yuxarıda qeyd etdiyimiz kimi, bəzi təkamülçü bioloqlar tərəfindən çox qəribə şəkildə “faydalı mutasiya” kimi dəyərləndirilir. Bu xəstəliyə tutulan şəxslərin malyariya xəstəliyinə qarşı qismən immunitetlərinin olmasının təkamülün bu şəxslərə “hədiyyəsi” olduğu deyilir. Əgər bu məntiqlə düşünülsə, genetik cəhətdən şikəst doğulan insanların, yolda yeriyə bilmədikləri və bunun sayəsində nəqliyyat qəzalarında ölməkdən xilas olduqlarını da demək olar və şikəst olmaq “yararlı genetik xüsusiyyət” hesab edilə bilər. Şübhəsiz, bu məntiqin heç bir tutarlı tərəfi yoxdur.
Mutasiyaların ancaq zərərli mexanizm olması açıqdır. Fransa Elmlər Akademiyasının keçmiş rəhbəri Pier Paul Qrassenin mutasiyalar haqqında verdiyi şərh bu cəhətdən olduqca aydınlaşdırıcıdır. Qrasse mutasiyaları “yazılı mətnin surətinin köçürülməsi əsnasında edilən hərf xətaları”na bənzətmişdir. Hərf xətaları kimi mutasiyalar da məlumat əmələ gətirmir, əksinə, mövcud məlumatı pozur. Qrasse bu faktı belə açıqlamışdır:
Mutasiyalar zaman ərzində olduqca nizamsız şəkildə meydana gəlirlər. Bir-birlərini tamamlayıcı xüsusiyyətləri və bir-birini təqib edən nəsillər üzərində müəyyən istiqamətdə müştərək təsirləri yoxdur. Mövcud olan formanı dəyişdirirlər, amma bunu tamamilə nizamsız şəkildə edirlər... Bir canlı orqanizmində çox kiçik bir nizamsızlıq əmələ gəldikdə isə ölümlə nəticələnir. Həyat faktı ilə anarxiya (nizamsızlıq) arasında heç bir mümkün uzlaşma yoxdur.24
Elə bu səbəbdən, Qrassenin ifadəsilə “mutasiyalar nə qədər çox olsalar da, hər hansı təkamül meydana gətirmirlər”.25

Pleyotropik təsir

Mutasiyaların canlılara ancaq zərər verdiklərinin digər sübutu isə genetik şifrənin kodlanma formasıdır. Canlılardakı məlum bütün genlər həmin canlı ilə bağlı birdən çox məlumat saxlayır. Məsələn, bir gen həm boyun uzunluğunu, həm də canlının göz rəngini tənzimləyə bilir. Molekulyar bioloq Maykl Denton genlərin “pleyotropik təsir” adlandırılan bu xüsusiyyətini belə açıqlayır:
Genlərin inkişafa təsirləri həddindən artıq fərqlidir. Ev siçanında tük rəngiylə bağlı demək olar ki, hər gen boyun uzunluğu ilə də əlaqədardır. Meyvə milçəyi drosophila melanogasterin göz rənginin mutasiyası üçün istifadə edilən 17 ədəd rentgen şuası təcrübəsindən 14-ündə göz rəngiylə tamamilə əlaqəsiz olan dişi cinsiyyət orqanlarının quruluşu da zərər görmüşdür. Ali canlılarda təhlil edilən  hər gen birdən çox orqana təsir edir. Pleyotropik təsir adlandırılan bu hadisə haqqında (Ernst) Mayr “ali canlılarda pleyotropik olmayan hər hansı bir genin tapılması şübhəlidir” deyir.26
NORMAL İNKİŞAF
PLEYOTROPİK AMİL
1. Qanadlar çıxmır.
2. Ayaqlar normal olşüdə ancaq ucları inkişaf et məyib.
3. Tük örtüyü yoxdur
4.5. Tənəffüs borusu olmasına baxmayaraq, ağciyər yoxdur
6.7. Sidik borusu böyümür və böyrəyin inkişafına imkan vermir.
Sol tərəfdə ev toyuğundakı normal inkişaf, sagda isə pleyotropik genin mutasiyaya məruz qalmasının zərərli təsirləri görsənir. Diqqət edilərsə, bir tək gendə əmələ gələn mutasiya, bir-birindən fərqli orqanlara zərər verməkdədir. Bir mutasiyanın xeyirli təsir əmələ gətirəcəyi fərz edilsə belə, « Pleyotropik amil» yetərincə cox orqana zərər verərək bu xeyirli təsiridə aradan qaldırır.
Canlıların genetik quruluşlarındakı bu xüsusiyyət səbəbi ilə təsadüfi mutasiya nəticəsində DNT-dəki hər hansı bir gendə meydana gələn pozuntu birdən çox orqana təsir edəcəkdir. Beləliklə, mutasiya sadəcə müəyyən bir yerə təsir etməyəcək, daha çox zərərli təsirlərə malik olacaqdır. Bu təsirlərin birinin çox nadir rast gəlinən təsadüf nəticəsində yararlı olması fərz edilsə belə, digər təsirlərin labüd zərəri bu faydanı da aradan qaldıracaqdır.
bakteri
Escherichia coli bir milyard il əvvəlki nümunələri ilə eynidir. Bu uzun zaman müddətində baş verən mutasiyalar canlıda quruluşca heç bir dəyişikliyə səbəb olmamışdır.
Mutasiyaların nə üçün təkamülə səbəb olmadığını üç əsas maddədə xülasə etmək olar:
  • Mutasiyalar həmişə zərərlidir: mutasiya təsadüfən meydana gəldiyi üçün həmişə mutasiya keçirən canlıya zərər verir. Məntiqlə düşünsək, mükəmməl və kompleks bir formaya edilən hər hansı şüursuz müdaxilə o formanı təkmilləşdirməz, əksinə, pozar. Belə ki, heç bir müşahidə olunan “faydalı mutasiya” yoxdur.
  • Mutasiya nəticəsində DNT-yə yeni məlumat əlavə edilmir: genetik məlumatı təşkil edən hissələr yerlərindən qopub sökülür, pozulur və ya DNT-nin müxtəlif yerlərinə daşınır. Lakin mutasiyalar heç bir şəkildə canlıya yeni orqan və ya yeni xüsusiyyət qazandırmırlar. Ancaq aşağı ətrafın kürəkdən, qulağın qarından çıxması kimi anormallıqlara səbəb olurlar.
  • Mutasiya sonrakı nəsilə ötürülməsi üçün mütləq çoxalma hüceyrələrində meydana gəlməlidir: orqanizmin hər hansı hüceyrəsində və ya orqanında meydana gələn dəyişiklik sonrakı nəsilə ötürülmür. Məsələn, bir insanın gözü radiasiya və ya buna bənzər təsirlərlə mutasiyaya uğrayaraq orijinal formasından fərqlənə bilər, amma bu, onun özündən sonrakı nəsillərə keçməz.
Bütün bunlar təbii seçmə və mutasiya mexanizmlərinin heç bir təkamül xarakterli təsirə malik olmadıqlarını göstərir. Belə ki, indiyə qədər bu yolla əldə edilmiş heç bir müşahidə edilən “təkamül” nümunəsi mövcud deyildir. Bunun əvəzində təkamülçü bioloqlar bəzən “təbii seçmə və mutasiya mexanizmlərinin təkamül gücünü müşahidə edə bilmirik, çünki bu mexanizmlər ancaq çox uzun zaman ərzində təsirli olurlar” kimi açıqlama irəli sürürlər. Lakin bu da heç bir elmi əsası olmayan təsəllidən başqa bir şey deyil. Çünki meyvə milçəkləri və ya bakteriyalar kimi həyatı çox qısa olan və ona görə də bir elm adamının minlərlə nəslini müşahidə edə bildiyi canlılarda da heç bir “təkamül” qeydə alınmamışdır. Pier Paul Qrasse bakteriyaların təkamülü əsassız edən dəyişməzliyi haqqında da bunları deyir:
Bakteriyalar... sürətlə çoxalmaları səbəbi ilə ən çox mutant (mutasiya keçirmiş canlı) üzə çıxaran canlılardır. Ancaq bakteriyalar... öz növlərinə çox böyük sədaqət göstərirlər. Escherichia coli bakteriyasının mutantları çox diqqətli şəkildə təhlil edilmişdir və bu mövzuya aid çox yaxşı misaldır. Oxucular da qəbul edəcəklər ki, təkamülü sübut etmək və mexanizmlərini kəşf etmək üçün nümunə kimi seçilən bu canlının milyard ildən bəri heç bir dəyişikliyə məruz qalmaması olduqca təəccüblüdür. Əgər təkamül xarakterli dəyişiklik meydana gətirmirsə, bu canlıların keçirdiyi bu qədər mutasiyanın nə mənası var? Nəticədə bakteriyaların və virusların keçirdiyi mutasiya xarakterli dəyişikliklərin müəyyən genetik orta hədd ətrafında gedib-gələn irsi dalğalanmalardan başqa heç nə əmələ gətirmədikləri üzə çıxır; bir az sağa, bir az sola dalğalanma olur, amma nəticədə təkamül xarakterli dəyişiklik baş vermir. Hamam böcəkləri də ilk dəfə ortaya çıxdıqları Perm dövründən bəri ən az drosophila qədər çox mutasiya keçirmiş, amma heç bir dəyişikliyə uğramamışdır. 27
Qısa desək, canlıların təkamül  keçirməsi mümkün deyil, çünki təbiətdə onların təkamülünə səbəb olan mexanizm yoxdur. Belə ki, fosillərə baxdıqda da təkamül prosesi ilə deyil, əksinə, təkamülə tamamilə zidd mənzərə ilə qarşılaşırıq.

Qeydlər

 Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 177.
8 Wynne-Edwards, V. C. "Self Regulating Systems is Populations of Animals", Science, vol. 147, 1965, səh. 1543-1548; Wynne-Edwards, V. C. Evolution Through Group Selection, London, 1986.
 Bradshaw 1965; Lee Spetner, Not By Chance!: Shattering the Modern Theory of Evolution, The Judaica Press, Inc., New York, 1997.
10 Andy Coghian, "Suicide Squad", New Scientist, 10 iyul 1999.
11 Colin Patterson, "Cladistics", Brian Leek ile Röportaj, Peter Franz, 4 mart 1982, BBC. 
12  Phillip E. Johnson, Darwin On Trial, Intervarsity Press, Illinois, 1993, səh. 27.
13 Sənaye inqilabı kəpənəkləri haqqında ətraflı məlumat üçün baxın: Phillip Johnson, Darwin on Trial, InterVarsity Press, 2nd. Ed., Washington D.C., səh. 26.
14  Jonathan Wells, Icons of Evolution: Science or Myth? Why Much of What We Teach About Evolution is Wrong, Regnery Publishing, Washington, 2000, səh. 149-150.
15  Jonathan Wells, Icons of Evolution: Science or Myth? Why Much of What We Teach About Evolution is Wrong, Regnery Publishing, 2000, səh. 141-151.
16  Jerry Coyne, "Not Black and White", a review of Michael Majerus's Melanism: Evolution in Action, Nature, 396 (1988), səh. 35-36.
17  Stephen Jay Gould, "The Return of Hopeful Monsters", Natural History, cild 86, iyul-avqust 1977, səh. 28.
18 Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189.
19  B. G. Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988. 
20   Warren Weaver, "Genetic Effects of Atomic Radiation", Science, cild 123, 29 iyun 1956, səh. 1159.
21   Gordon R. Taylor, The Great Evolution Mystery, New York, Harper & Row, 1983, səh. 48.
22 Michael Pitman, Adam and Evolution, London: River Publishing, 1984, səh. 70.
23 David A. Demick, "The Blind Gunman", Impact, no. 308, February 1999.
24 Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, N. Y. 1977, səh. 97.
25 Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, səh. 88.
26 Michael Denton, Evolution: A Theory in Crisis, London: Burnett Books Ltd., 1985, səh. 145.
27 Pierre-Paul Grassé, Evolution of Living Organisms, Academic Press, New York, 1977, səh. 87.